Turistlər ölkəmizdə neçə gün qalır?  

13:16 21.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son bir ildə Azərbaycana gələn turistlərin sayında artım var. Rəsmi statistikaya görə, 2023-cü ilin 11 ayında Azərbaycana 1893679 turist gəlib . Bu da ötən illə müqayisədə 30 faiz artım deməkdir. Belə ki, 2022-ci ilin müvafiq dövründə ölkəyə 1 458 786 turist səyahət edib.

Cari ilin yanvar-sentyabr aylarında isə  Azərbaycana gələnlərin 531 min 330 nəfərinin səfər müddəti 1-3 gecə olub. Bu müddət ərzində səfər edənlərin sayı illik müqayisədə 195 min 447 nəfər, başqa sözlə 58,2 faiz artıb. Keçən ilin eyni dövründə səfər müddəti 1-3 gecəlik olan şəxslərin sayı 335 min 883 nəfər idi. Bundan əlavə gecələmədən birgünlük gələnlərin  sayı 26  min 9 nəfər, 4-7 gecəlik gələnlərin sayı 359 min 857 nəfər, 8-14 gecələyənlərin sayı 173 min 647 nəfər, 15-21 gecəlik gecələyənlərin sayı 37 min 769 nəfər, 22-28 gecəlik gələnlərin sayı 26 min 943 nəfər, 29-70 gecəlik gələnlərin sayı 8 min 332 nəfər, 71-90 gecəlik gələnlərin sayı 5 min 260 nəfər olub. Gecələmədən birgünlük gələnlərin  sayı 3,2 dəfə azalıb, 4-7 gecəlik gələnlərin sayı 35,7 faiz, 8-14 gecələyənlərin sayı 24,4 fazi, 15-21 gecələyənlərin sayı 5,3 faiz, 22-28 gecəlik gələnlərin sayı 43,1 faiz, 29-70 gecəlik gələnlərin sayı 77 faiz, 71-90 gecəlik gələnlərin sayı 84 faiz artıb. Keçən ilin eyni dövründə gecələmədən birgünlük gələnlərin  sayı 83 min 187 nəfər, 4-7 gecəlik gələnlərin sayı 265 min 263 nəfər, 8-14 gecələyənlərin sayı 139 min 617 nəfər, 15-21 gecələlik gələnlərin sayı 35 min 863 nəfər, 22-28 gecəlik gələnlərin sayı 18 min 833 nəfər, 29-70 gecəlik gələnlərin sayı 4 min 707 nəfər, 71-90 gecə gələnlərin sayı 2 min 859 nəfər olub.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən turizm üzrə ekspert Ceyhun Aşurov da vurğulayıb ki, ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı artıb: “Bu il ötən illə müqayisədə ölkəmizə gələn turistlərin sayı təxminən 32 faiz çoxdur. Əslində bu rəqəm gözlənilən idi. Çünki dünyada turizm bazarı bərpa olunmaqdadır. Ümumiyyətlə, ilin yekunlarına aid beynəlxalq turizm ekspertlərinin də düşüncələrinə görə sabit şərtlər davam edərsə, təxminən turizm bazarı dünyada 95 fazi bərpa oluna bilər. Dünyada səyahətlərin sayı artdıqca bu Azərbaycana da təsir edir. Baxmayaraq ki, quru sərhədlər bağlıdır, amma ümumi gəlişlərin sayında əvvəlki ilə müqayisədə artım qeyd olunur”.

Eksper qeyd edib ki, Azərbaycana ərəb ölkələrindən gələnlərin sayında nisbətən azalma, Avropadan gələn turistlərin sayında isə artım müşahidə olunur: “Bunun da səbəbləri var. Statistikada bu, belə görünsə də, onu qeyd eləmək lazımdır ki, ötən ilə kimi Avropa ölkələrində əslində məhdudiyyətlər var idi. Xüsusən də ərəb ölkələrindən olan turistlər Avropa ölkələrinə vizaların alınmasında daha çox çətinlik çəkirdilər. Artıq bu ildən bir çox məhdudiyyətlər aradan qaldırılıb. Xüsusən Uzaq Şərq, Asiya ölkələrindən də məhdudiyyətlər aradan qalxdığına görə, həmin ölkələrdən səyahətlərin sayı artıb. Eyni zamanda, Şərq və Orta Şərq ölkələrindən olan turistlərin əvvəlki qaydada Avropa ölkələrinə səfər etmək imkanları genişlənib. Bu məcrada Avropadan Azərbaycana gələn turistlər alternativ ölkələrə, eyni zamanda Avropaya açılan ərəb ölkələri daha çox həmin istiqamətdə səfərlərini həyata keçirib. Təbii ki, Azərbaycanda son illərdə keçirilən böyük tədbirlər də Avropa ölkələrindən gələnlərin sayına müəyyən qədər təsir edib”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov isə deyib ki, gələn ildən Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli dərəcədə artım olacaq: “Bunun başlıca səbəbi də pandemiyanın başa çatması ilə əlaqədardır. Biz pandemiyadan əvvəl Azərbaycana gələn turist sayına çatmamışıq. Pandemiya başlamamışdan əvvəl 2019-cu il Azərbaycan turizm sahəsində bəlkə də pik dövrü idi, ölkəyə kifayət qədər çox turist gəlirdi. Amma pandemiya bütün dünyada, eləcə də Azərbaycanda turizm sektorunu tamamilə zəiflətdi. İndi turist sayında sürətlə artım var. Nəzərə almalıyıq ki, turizm sektorunda xidmət edən hər bir insan ölkənin təbliğatını aparır. Bu gün kütləvi hal alarsa ki, ərəb turistlərindən pul qazanmaq məqsədi ilə hər hansı xidmətin baha həyata keçirilməsi, onlardan sui-istifadə hallarına yol verilməsi turistlərin sayına kəskin olaraq pis təsir edəcək. Müasir dövrdə düşünmək lazım deyil ki, başqa ölkədən gəliblər, hər şeyi baha satmaq lazımdır. Qısa zaman ərzində onlar alternativ məlumatlar ala bilərlər. Sadə dillə desək bunu biləndə ölkədən inciyəcəklər. Onların neqativ təbliğatı turizm sektoruna mənfi təsir edə bilər. Ona görə də bu sahədə fəaliyyət göstərən sahibkarlar işlərini düzgün qurmalıdırlar”.